Real sektorun monitorinqi

     Müəssisələrin monitorinqi – dövlətin həyata keçirdiyi iqtisadi siyasətə müvafiq olaraq müəssisələrin fəaliyyətinə təsir göstərmək və səmərəli qərarlar qəbul etmək üçün real sektoru və bank sektorunu bir-birilə əlaqələndirən informativ-analitik alətdir.

     Banklar tərəfindən müəssisələrin monitorinqinin aparılması ümumiyyətlə aşağıdakı məqsədlərə xidmət edir:

• Müəssisə və təşkilatların maliyyə vəziyyətinin qiymətləndirilməsi və mikrosəviyyədə tələb və təklifin dəyişməsi əsasında iqtisadi konyukturun təhlili və proqnozlaşdırılması, investisiya mühiti haqqında məlumatın formalaşdırılması;
• Ölkə səviyyəsində ümumiqtisadi proseslərin real inkişafı nəzərə alınmaqla aparılan pul siyasətinin effektivliyinin qiymətləndirilməsi;
• İqtisadiyyatın real sektorunda baş verən dəyişikliklərin bank sistemi üçün mümkün sistem risklərinin qiymətləndirilməsi;
• Real sektorun monitorinqi sahəsində statistik məlumatlar toplanıb emal olunduqdan sonra onlardan tədqiqat işlərində, eləcədə elm və təhsil sahəsində geniş istifadə olunması;

     Bu işlərin yerinə yetirilməsi və ümumiləşdirilməsi nəticəsində banklar iqtisadiyyatın müvafiq sektorunda kredit fəaliyyətinin optimallığını və risqliliyini müəyyənləşdirmək üçün informasiya əldə etmək imkanı qazanır. Firmalar (müəssisələr) isə öz növbəsində fəaliyyət göstərdikləri sektordakı iqtisadi vəziyyəti təhlil edərək investisiya, istehsal və borc alma barədə qərarlar qəbul etmək imkanı qazanırlar. Müasir dövrdə real sektorun monitorinqi nəticəsində hesablanan indekslər fond birjaları iştirakçılarının və potensial investorlar üçün də böyük maraq doğurur.

     Real sektorun monitorinqi sisteminin mühüm mərhələsi aparılmış sorğular və iqtisadi proseslərin müşahidəsi nəticəsində əldə edilmiş informasiyanın emal edilib tələb olunan göstəricilərin hesablanmasıdır.

     Biznes meyli sorğuları istiqamətli monitorinq əsasən keyfiyyət sorğuları vasitəsilə aparılır. Ölkə iqtisadiyyatının cari vəziyyətinin menecerlər tərəfindən qiymətləndirilməsi, inkişaf meyllərinin izlənməsi və bu əsasda iqtisadi-analitik təhlillərin və qısamüddətli proqnozların hazırlanması və iqtisadiyyatda baş verən proseslərin səbəb-nəticə əlaqələrini araşdırılır. Keyfiyyət sorğularının nəticələrinin üstünlüyü ondan ibarətdir ki, nəticələr müxtəlif sahələr üzrə kəmiyyət (statistik) göstəriciləri elan olunmamışdan əvvəl əldə oluna bilir. Keyfiyyət göstəricilərinin mühüm üstünlüklərindən biri də onların asan əldə oluna bilməsidir. İqtisadi konyunkturun dəyişmə meylinin müşahidəsi, təsərrüfat subyektlərinin qısamüddətləri perspektiv üçün gözləntilərinin qiymətləndirilməsi keyfiyyət sorğuları vasitəsilə həyata keçirilir.

     Bundan başqa monitorinqi aparılan müəssisələri maraqlandırmaq və onlarla əks əlaqəni həyata keçirmək məqsədilə monitorinqi aparılan müəssisələrə yayımlanan müxtəlif tipli iqtisadi göstəriciləri əks etdirən icmallar hazırlanır. Bu icmallar idarəetmə qərarları qəbul edərkən müəssisənin menecmenti üçün bazarda rəqabət, investisiya və inkişaf meylləri haqqında əlavə müfəssəl informasiya mənbəyi kimi çıxış edə bilər.






 
 
İstifadəçi:
Parol: